İsmayıllıda təşkil edilən toy məclisində 24 nəfər zəhərlənib

İsmayıllıda təşkil edilən toy məclisində 24 nəfər zəhərlənib

21.08.2026 Off By Füzuli İsmayılov

İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirildiyinə görə, ilkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib. 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.

Agentlik xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə diqqət yetirilməsinin bir daha vacibliyini vurğulayır.

Share