Azərbaycan Evində Estoniya Respublikasının müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycan Evində Estoniya Respublikasının müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

23.08.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Evində Estoniya Respublikasının müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunmuş mədəniyyət gecəsi keçirilib.

Hakimiyyet.info.az xəbər verir ki, tədbir Estoniya Millətlər Birliyi, Estoniya Özbək Mədəniyyət Mərkəzi HUMO, Özbək Mədəniyyət Cəmiyyəti Safar və Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi AYDAN tərəfindən təşkil olunub.

Bədii hissədən əvvəl iştirakçılar Estoniyanın görkəmli dövlət və ictimai xadimi Siim Kallasın xatirəsini bir dəqiqəlik sükutla yad edib, onun ölkənin müstəqilliyinin bərpası və dövlət quruculuğuna verdiyi töhfələri ehtiramla xatırlayıblar. Siim Kallasın Estoniya–Azərbaycan münasibətlərinin inkişafındakı rolu xüsusi vurğulanıb. Bildirilib ki, Estoniyanın xarici işlər naziri olduğu dövrdə o, müstəqilliyini yenidən bərpa etmiş Estoniyanın ilk yüksəksəviyyəli dövlət nümayəndələrindən biri kimi Azərbaycana səfər edib və iki ölkə arasında münasibətlərin formalaşmasına və möhkəmlənməsinə mühüm töhfə verib.

Qeyd olunub ki, Siim Kallasın rəhbərlik etdiyi hökumətdə Estoniyanın müstəqilliyinin bərpası tarixində mühüm xidmətləri olan Eldar Əfəndiyev də nazir vəzifəsində çalışıb. Narva Muzeyinin direktoru olduğu dövrdə o, 1989-cu ildə muzeyin üzərində Estoniyanın mavi-qara-ağ bayrağını qaldırıb və Narvada Xalq Cəbhəsinin nümayəndəsi kimi ölkənin müstəqilliyinin bərpası prosesində fəal iştirak edib.

Tədbirdə Estoniya parlamentinin (Riigikogu) Estoniya–Azərbaycan parlament qrupunun sədri Maria Jufereva-Skuratovski, Estoniya Mədəniyyət Nazirliyinin nümayəndəsi Artyom Teplyuk, Estoniya Millətlər Birliyinin prezidenti Natalya Yermakova və Estoniya Özbək Mədəniyyət Mərkəzi HUMO-nun rəhbəri Surat Pulatov çıxış edərək iştirakçıları Estoniya Respublikasının müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik ediblər. Çıxış edənlər müxtəlif millətlərin və mədəni icmaların Estoniya cəmiyyətinə verdiyi töhfəni, əməkdaşlığın, qarşılıqlı hörmətin və birliyin əhəmiyyətini xüsusi vurğulayıblar.

Gecənin xüsusi qonağı Özbəkistanın Buxara şəhərindən gəlmiş MAVRIGI ansamblı olub. Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalında da yüksək qiymətləndirilən kollektivin çıxışı tamaşaçıları Buxaranın zəngin musiqi irsi ilə tanış edib və tədbirə xüsusi ab-hava qatıb.

Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi AYDAN-ın rəhbəri Niyazi Hacıyev və Estoniya Türk Xalqları Mədəniyyət Cəmiyyətinin sədri Zülfiyyə Nurmanova Özbəkistandan gəlmiş qonaqlara təşəkkürlərini bildirərək, onların türk xalqlarının ortaq musiqi və mədəni irsinin qorunmasına, tanıdılmasına, habelə xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə verdikləri töhfəni yüksək qiymətləndiriblər.

Çıxışlarda vurğulanıb ki, mədəniyyət və musiqi xalqları birləşdirən, ortaq tarixi və mədəni bağların qorunmasına xidmət edən mühüm vasitələrdən biridir və bu zəngin irsin Estoniya cəmiyyətinə tanıdılması baxımından belə tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Share