Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq
23.08.2026Belarus və Şimali Koreya (KXDR) yaxın gələcəkdə vətəndaşları üçün vizasız səyahət haqqında saziş imzalamağa hazırlaşır.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Belarus-1” televiziya kanalına müsahibəsində məlumat verib. Nazir sənədin tam hazır olduğunu bildirib: “Saziş artıq hazırdır, yalnız bir neçə texniki detal qalıb. Biz onu çox yaxın gələcəkdə imzalayacağıq”.
Məzuniyyətini KXDR-də keçirdiyini deyən nazir istirahət zamanı həmkarı Çoy Son-hui ilə də görüşdüyünü qeyd edib. Rıjenkovun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərin bütün spektri, Xarici İşlər nazirlikləri arasındakı gələcək əlaqələr və vizasız rejim daxil olmaqla bir sıra mühüm sazişlər müzakirə edilib.
Xatırladaq ki, cari ilin mart ayının sonunda Belarus Prezidenti Aleksandr Lukaşenko KXDR-də Belarus səfirliyinin açılması və vizasız səyahət sazişinin hazırlanması işlərinin sürətləndirilməsi barədə tapşırıq vermişdi.











