Ölkə rəhbərinin Özbəkistana səfəri dövlətlərarası dostluq münasibətlərin möhürünü vurdu

Ölkə rəhbərinin Özbəkistana səfəri dövlətlərarası dostluq münasibətlərin möhürünü vurdu

24.08.2026 Off By Füzuli İsmayılov
Füzuli Əfqanoğlu, AJB üzvü, “HAKİMİYYƏT” qəzetinin baş redaktoru

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluq münasibətlərinə söykənən müttəfiqliyin inkişafında iki ölkə liderlərinin müntəzəm keçirilən görüşlərinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Daşkəndə səfər öncəsi üç rəngli bayrağımızın paytaxtın mərkəzində dalğalanması, Azərbaycan və Özbəkistan prezidentlərinin portretlərinin nümayiş etdirilməsi, həmçinin xüsusi dron şousunun təşkili Azərbaycana bu ölkənin həm rəsmi, həm də xalq tərəfindən bəslənilən məhəbbətin, göstərilən xüsusi diqqətin təzahürüdür. Dövlət liderlərinin xarici səfərləri zamanı bu cür təmtəraqlı qarşılanma mərasimlərinə nadir hallarda rast gəlinir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri əhəmiyyətli dərəcədə inkişaf edib. Avrasiyada ciddi geosiyasi dəyişikliklər baş verir, Azərbaycanın Türk dünyasındakı yeri və çəkisi ciddi şəkildə artıb. Bunun reallığını müxtəlif regional layihələrdə və proseslərdə görürük. Azərbaycan Türk dünyasında mühüm siyasi və geoiqtisadi çəkiyə malik dövlətlərdən biridir.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan və Özbəkistan müttəfiq dövlətlər kimi sistemli şəkildə bütün sahələrdə münasibətlərin inkişafını davam etdirirlər. Birgə investisiyalar, iqtisadiyyatın müxtəlif sahələrində, kənd təsərrüfatında əlaqələrin gücləndirilməsi ilə yanaşı, siyasi, hərbi və təhlükəsizlik istiqamətlərində də əməkdaşlıqda yeni mərhələlər başlayır. Bu əməkdaşlıq hər iki ölkənin suverenliyinin və müstəqilliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Özbəkistan müasir beynəlxalq münasibətlər sistemində Cənubi Qafqaz və Mərkəzi Asiyanın mühüm dövlətləri kimi bir sıra strateji layihələrin həyata keçirilməsində əsas rol oynayırlar.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin nəticələri və imzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar yaradaraq iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından yeni mərhələnin əsasını qoyacaq.

Əbədi dostluq haqqında Müqavilə Azərbaycan-Özbəkistan müttəfiqliyini daha da möhkəmləndirir

Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” iki ölkə arasında son illərdə formalaşmış yüksək siyasi etimadın və müttəfiqlik münasibətlərinin məntiqi davamıdır. Azərbaycan-Özbəkistan münasibətləri qısa müddət ərzində strateji tərəfdaşlıqdan müttəfiqliyə qədər inkişaf edib.

2024-cü ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması, 2025-2029-cu illər üçün onun icrası üzrə Yol Xəritəsinin qəbul edilməsi və Ali Dövlətlərarası Şuranın fəaliyyəti münasibətlərin artıq möhkəmliyindən xəbər verir.

Bu yeni müqavilə mövcud müttəfiqliyə daha uzunmüddətli və hərtərəfli məzmun əlavə edir. Sənəddə suverenlik, təhlükəsizlik və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərə yol verilməməsi, ərazilərin üçüncü dövlətlər tərəfindən digər tərəfə qarşı istifadə edilməməsi kimi müddəaların təsbit olunması iki ölkə arasında qarşılıqlı etimadın artıq təhlükəsizlik sahəsini də əhatə edən yüksək səviyyəsini nümayiş etdirir. Eyni zamanda, hər bir dövlətin öz milli reallıqlarına uyğun inkişaf modelini seçməsinə qarşılıqlı dəstəyin ifadə olunması onların suveren və müstəqil xarici siyasət kursuna verdikləri önəmi göstərir.

Müxtəlif istiqamətlərdə əməkdaşlığı da əhatə ediləsi- ticarət və investisiyalar, enerji və “yaşıl iqtisadiyyat”, nəqliyyat-logistika, rəqəmsallaşma, kənd təsərrüfatı, kosmik texnologiyalar, təhsil və mədəniyyət kimi sahələrin sənəddə əks olunması müttəfiqliyin konkret iqtisadi və ictimai əsaslarla möhkəmləndirilməsini göstərir.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ümumi dəyəri 500 milyon dollar olan səkkiz layihəni təsdiqləyib, daha yeddi layihə isə təxminən eyni həcmdə nəzərdən keçirilir. Eyni zamanda, SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olması və yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması istiqamətində əməkdaşlıq, eləcə də ABB-nin Özbəkistan bank sektoruna çıxışı iki ölkə arasında iqtisadi əlaqələrin artıq birgə investisiyalardan birbaşa korporativ iştirak və maliyyə inteqrasiyasına doğru genişləndiyini göstərir.

Orta Dəhliz, enerji bağlantıları, Türk Dövlətləri Təşkilatı və C6 formatı fonunda Bakı-Daşkənd münasibətlərinin dərinləşməsi Xəzərin iki sahili arasında əməkdaşlığın əsas dayaqlarından birinə çevrilir. Bu baxımdan, yeni müqavilə həm də Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək nəsillər üçün davamlılığını təmin etməyə yönəlmiş strateji sənəddir.

Əbədi dostluq haqqında Müqavilə münasibətlərə yeni siyasi ölçü qazandırır.

Özbək politoloq: Əbədi dostluq haqqında Müqavilə münasibətlərə yeni siyasi ölçü qazandırır

Azərbaycan və Özbəkistan arasında münasibətlərin “əbədi dostluq” mərhələsinə yüksəlməsi siyasi tərəfdaşlıqla yanaşı, iqtisadi və regional əməkdaşlığın da dərinləşməsi üçün yeni imkanlar yaradır.

Əbədi dostluq haqqında Müqavilə iki xalq arasındakı tarixi və mədəni əlaqələrə siyasi ifadə verməklə yanaşı, mövcud etimad və əməkdaşlığın uzunmüddətli qorunması üçün siyasi öhdəlik yaradır.

Strateji mövqelərdə yerləşən Azərbaycan və Özbəkistan artıq dünyanın maraq dairəsində əsas rola çevrilib. Özbəkistan Mərkəzi Asiyanın mərkəzində, Azərbaycan isə Cənubi Qafqaza açılan qapıdır. Bu yeni Müqavilənin geosiyasi əhəmiyyətni daha da artırır.

Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfini də reallaşmaq imkanları əldə edir.

Xatırlatmaq yerinə düşər ki, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 795 milyon dollar olması, 1 milyard dollarlıq hədəfi reallaşdırır. Energetika, neft-kimya, tekstil, əczaçılıq, elektrotexnika, qida emalı və tikinti materialları da birgə istehsal və ixrac üçün geniş potensiala malikdir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti isə iri və uzunmüddətli sənaye layihələrinin maliyyələşdirilməsi üçün mühüm platformaya çevrilə bilər.

Azərbaycanın Mərkəzi Asiyanın məşvərət formatına daimi şəkildə inteqrasiyası Çinin qərb sərhədindən Avropanın hüdudlarınadək uzanan birbaşa siyasi-iqtisadi məkan yaradır. Azərbaycanın iştirakı C6-nı məşvərət platformasından daha geniş regional diplomatiya mexanizminə çevirir.

Özbəkistan və Azərbaycan maliyyə sistemləri arasında ödəniş əlaqələrini genişləndirə bilər ki, bu da iki ölkədən olan turistlərə səfərlər zamanı öyrəşdikləri ödəniş alətlərindən istifadə etməyə imkan verəcək.İiki ölkə arasında dövlətlərarası səviyyədə, o cümlədən turist axınının artması fonunda fəal yaxınlaşma var.

Ölkə rəhbərinin Özbəkistana bu səfəri böyük imkanların, dövlətlərarası dostluq münasibətlərin möhürünü vurdu.

Share