Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir
25.08.2026Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Qazaxıstana səfəri çərçivəsində ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb.
Hakimiyyet.info.az xəbər verir ki, görüş zamanı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçirilən seçkilərin tarixi əhəmiyyəti vurğulanıb. Tərəflər Azərbaycan-Qazaxıstan münasibətləri, xüsusilə elm, ali təhsil və akademik tərəfdaşlıq sahələrində mövcud əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə iki qardaş ölkə arasında ali təhsil müəssisələri, elmi-tədqiqat qurumları və akademik dairələr arasında əlaqələrin genişləndirilməsinin, tələbə və müəllim mübadiləsinin, birgə elmi layihələrin və digər qarşılıqlı təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
Günay Əfəndiyeva Azərbaycan ilə Qazaxıstan arasında tarixi, mədəni və mənəvi bağların möhkəm təməl üzərində inkişaf etdiyini vurğulayaraq, elm və təhsil sahəsində əməkdaşlığın Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verdiyini bildirib.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.












