Gəncədə antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

31.08.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında yerləşən, fiziki şəxs Elvin Elbrus oğlu Əliyevə məxsus alkoqolsuz içki (kvas) istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, istehsal müəssisəsinə baxış zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Müəssisədə butulkaların yuyulması üçün müvafiq avadanlıqların və şəraitin mövcud olmadığı, istehsal edilən kvas məhsulunun dəfələrlə istifadə edilən, köhnə və çirkli plastik butulkalarda qablaşdırıldığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Faktla bağlı inzibati protokol tərtib edilib, məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti isə məhdudlaşdırılıb.

Share