Azərbaycan və Qırğızıstan arxeoloqları arasında elmi əlaqələr yeni tədqiqat istiqamətləri açır

Azərbaycan və Qırğızıstan arxeoloqları arasında elmi əlaqələr yeni tədqiqat istiqamətləri açır

31.08.2026 Off By Füzuli İsmayılov

Azərbaycan və Qırğızıstan arasında tarixi-mədəni irsin və arxeoloji abidələrin öyrənilməsi sahəsində elmi əlaqələr son illərdə genişlənir. Bu əməkdaşlıq təkcə beynəlxalq platformalarda görüşlərlə deyil, həm də konkret elmi layihələr, məlumat mübadiləsi və irsin qorunmasına yönəlmiş təşəbbüslərlə müşayiət olunur.

AMEA Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a açıqlamasında bildirilib ki, Qırğızıstanın B.Camgerçinov adına Tarix, Arxeologiya və Etnologiya İnstitutu bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsində mühüm rol oynayan elmi müəssisələr sırasındadır. Qırğızıstanda fəaliyyət göstərən institut ölkənin Milli Elmlər Akademiyasının strukturuna daxildir. İki ölkənin mütəxəssislərinin iştirakı ilə “Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tarixi-mədəni abidələri və arxeoloji irsi: ortaq mədəni irsin qorunması və elmi əməkdaşlığın inkişaf perspektivləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransda AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri, Qırğızıstanın Özgən Dövlət Tarix-Mədəniyyət Qoruğunun mütəxəssisləri və digər tədqiqatçılar iştirak ediblər. Müzakirələr zamanı üç ölkənin tarixi-mədəni irsinin öyrənilməsi və qorunması, arxeoloji abidələrin müasir üsullarla sənədləşdirilməsi və elmi məlumatların qarşılıqlı mübadiləsi məsələlərinə diqqət yetirilib, arxeoloji irsin rəqəmsallaşdırılması və muzeyləşdirilməsi imkanları da müzakirə olunub. Bu istiqamətlər müasir texnologiyalardan istifadə etməklə arxeoloji materialların daha geniş elmi dövriyyəyə daxil edilməsi və gələcək nəsillər üçün qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Qırğızıstan alimlərinin əməkdaşlığı Türk dünyasının ümumi tarixi və mədəni irsinin araşdırılması kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Ortaq tarixi proseslərin, mədəni əlaqələrin və arxeoloji irsin müqayisəli şəkildə öyrənilməsi iki ölkənin alimləri qarşısında yeni tədqiqat istiqamətləri açır. Mütəxəssislər arasında belə elmi təmasların davam etdirilməsi gələcəkdə birgə tədqiqatların, arxeoloji ekspedisiyaların, elmi nəşrlərin və irsin qorunmasına yönəlmiş layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.

Share