AzTU müəllimləri “Orhun” mübadilə proqramı çərçivəsində Qırğızıstana səfər edəcəklər

AzTU müəllimləri “Orhun” mübadilə proqramı çərçivəsində Qırğızıstana səfər edəcəklər

31.08.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri genişləndirilir. Akademik mübadilə, müəllim və tələbə mobilliyi, eləcə də təhsil və elmi istiqamətlərdə birgə fəaliyyət universitetlərarası əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.

Qeyd olunub ki, AzTU ilə Qırğızıstanın Qırğız-Türk Manas Universiteti arasında 2021-ci il oktyabrın 8-də Akademik əməkdaşlıq protokolu imzalanıb.

Əməkdaşlıq çərçivəsində Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) “Orhun” proqramı üzrə müəllim və tələbə mübadiləsinə cari tədris ilində başlanılıb. Proqram çərçivəsində AzTU-nun müəllimləri 2026/2027-ci tədris ilinin payız semestrində Qırğızıstanın Qırğız-Türk Manas Universitetinə ezam ediləcəklər.

Bununla yanaşı, AzTU ilə Qırğızıstanın İ.Arabayev adına Qırğız Dövlət Universiteti, İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti və M.Rıskulbekov adına Qırğız İqtisad Universiteti arasında da əlaqələr qurulub.

Universitetlər arasında əməkdaşlığın genişləndirilməsi akademik mübadilənin inkişafına, müəllim və tələbələrin beynəlxalq təcrübəsinin artırılmasına, eləcə də təhsil və elmi-tədqiqat sahələrində yeni birgə təşəbbüslərin həyata keçirilməsinə imkan yaradacaq.

Share