Vəkillər Kollegiyası kibertəhlükəsizlik sahəsində 4 yeni layihəyə başlayır
01.09.2026Vəkillər Kollegiyasının “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik” Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, iclasda Komitənin təşkilati məsələləri, gələcək fəaliyyət istiqamətləri, yeni layihələr və təşəbbüslər ətrafında müzakirələr aparılıb.
İclasın əsas məsələlərindən biri Komitə sədrinin müavininin seçilməsi olub. Komitə üzvlərinin yekdil səsverməsi ilə Kamal Novruzov Komitə sədrinin müavini seçilib.
Daha sonra Komitə üzvləri tərəfindən müxtəlif layihə təklifləri və gələcək fəaliyyət istiqamətləri təqdim olunub. Təkliflərin praktiki əhəmiyyəti, həyata keçirilməsi imkanları və Komitənin fəaliyyətinə verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Komitə üzvləri ayrı-ayrılıqda fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrin nəticəsi olaraq Komitə tərəfindən dörd layihənin həyata keçirilməsi barədə qərar qəbul edilib. Onlardan sosial və hüquqi maarifləndirməyə yönəlmiş iki layihənin praktiki icrasına artıq start verilib. Digər iki istiqamət üzrə isə layihələrin konsepsiyası və fəaliyyət mexanizmlərinin hazırlanması qərara alınıb.
Yeni layihələr çərçivəsində kibercinayətkarlıq riskləri, rəqəmsal təhlükəsizlik və hüquqi müdafiə vasitələri barədə cəmiyyətin məlumatlandırılması, bu sahədə hüquqi maarifləndirmənin artırılması əsas məqsədlər sırasında yer alır.
İclasın sonunda Komitənin qarşıdakı dövr üzrə fəaliyyətinin daha sistemli və layihəəsaslı şəkildə davam etdirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və müvafiq sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.











