Argentina Folklend adaları ilə bağlı Böyük Britaniyaya yenidən xəbərdarlıq edib
02.09.2026Argentina Prezidenti Xavyer Miley Folklend adalarının suverenliyi məsələsi ilə bağlı Böyük Britaniyaya növbəti dəfə xəbərdarlıq edib.
Hakimiyyet.info.az “The Independent”ə istinadla xəbər verir ki, Argentina lideri ölkəsinin maraqlarını kimə mane olmasından asılı olmayaraq, var gücü ilə müdafiə edəcəyini bildirib. X.Miley cümə axşamı ölkə əhalisinə müraciət edərək milli əhəmiyyətli açıqlama verəcəyini deyib. O, Folklend adaları məsələsini argentinalılar üçün müqəddəs adlandırıb və ölkəsinin milli suverenliyinin pozulduğunu iddia edib. Argentina Prezidenti “X” sosial şəbəkəsində bildirib ki, cümə axşamı yerli vaxtla saat 21:00-da argentinalılar üçün xüsusi əhəmiyyət daşıyan məsələ ilə bağlı xalqa müraciət edəcək. Onun sözlərinə görə, söhbət Argentina xalqının uzun illərdir irəli sürdüyü tarixi iddiadan gedir.
Böyük Britaniya Baş nazirinin ofisi isə Londonun Folklend adalarına sadiqliyinin sarsılmaz olduğunu bəyan edib. Açıqlama ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun arxipelaqla bağlı mövqeyinə yenidən baxa biləcəyini söyləməsindən sonra verilib.
Qeyd edək ki, Folklend adaları ilə bağlı uzun illərdir davam edən suverenlik mübahisəsi 1982-ci ildə Argentina və Böyük Britaniya arasında müharibəyə səbəb olub. Təxminən 10 həftə davam edən müharibə Böyük Britaniyanın qələbəsi ilə başa çatıb. Argentina isə adalara suverenlik iddiasından imtina etməyib.
2013-cü ildə keçirilmiş referendumda Folklend adaları sakinlərinin 99,8 faizi ərazinin Böyük Britaniyanın dənizaşırı ərazisi olaraq qalmasının lehinə səs verib. Bunun əleyhinə cəmi üç səs verilib. Argentina Folklend adalarını “Malvin adaları” adlandırır.
Aytən Abbaslı











