Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
09.09.2026Aleksandr Şarovski ömrünü Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına həsr etmiş görkəmli sənətkar idi.
Hakimiyyet.info.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov söyləyib.
O, Aleksandr Şarovski ilə ilk dəfə 1980-ci ildə “Ani dönüş” filminin çəkilişləri zamanı tanış olduğunu bildirib.
“Şarovski həmin ikiseriyalı filmdə Feliks obrazını canlandırırdı. Elə o vaxtdan dostluğumuz başladı. O, Azərbaycan Televiziyasında uğurla nümayiş etdirilən tamaşalardan birində də çox maraqlı obraz yaratmışdı. Həmin ekran əsərində Rus Dram Teatrının bir çox aktyoru iştirak etsə də, Şarovskinin özünəməxsus yeri vardı”, – deyə Xalq artisti vurğulayıb.
Hacı İsmayılov qeyd edib ki, Aleksandr Şarovski bütün fəaliyyəti boyunca xalqlar arasında dostluğun möhkəmləndirilməsinə böyük töhfə verib. Onun “Dostluq” ordeninə layiq görülməsi də təsadüfi deyildi.











