Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci toplantısında təmsil olunub
09.09.2026Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təşəbbüsü ilə yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”nın Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən ikinci toplantısında iştirak edib.
Hakimiyyet.info.az AMB-yə istinadla xəbər verir ki, Baş direktor Azərbaycanda yaşıl maliyyənin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verərək regional əməkdaşlığın bu sahədə zəruri infrastrukturun və potensialın gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Toplantıda TDT ölkələrində yaşıl və dayanıqlı maliyyələşmənin inkişafı, təbiətyönümlü həllərin və regional əməkdaşlığın təşviqi üzrə növbəti addımlar və təkliflər müzakirə olunub.
Tədbirin yekununda “Türk Yaşıl Maliyyə Şurası”nın ikinci toplantısının nəticələri üzrə Şuranın fəaliyyət istiqamətlərinin genişləndirilməsini əks etdirən Kommünike imzalanıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub. Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, habelə ekoloji, sosial və idarəetmə (ESİ) faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətləri göstərməkdir.












