Fransanın paytaxtı etiraz aksiyalarının mərkəzinə çevrilir – Parisdə sabah bir neçə aksiya olacaq

Fransanın paytaxtı etiraz aksiyalarının mərkəzinə çevrilir – Parisdə sabah bir neçə aksiya olacaq

14.09.2026 Off By Füzuli İsmayılov

Fransadakı büdcə məhdudiyyətləri fonunda sentyabrın 15-də Parisdə müxtəlif peşə sahiblərinin və sosial qrupların iştirakı ilə bir neçə etiraz aksiyası keçiriləcək.

Hakimiyyet.info.az xəbər verir ki, polis əməkdaşlarının həmkarlar ittifaqı olan “Alliance Police Nationale” Yelisey Çölləri prospektində aksiya keçirəcək. Təşkilat əməkhaqlarının artırılmasını, karyera imkanlarının və iş şəraitinin yaxşılaşdırılmasını, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı konkret tədbirlərin görülməsini tələb edir. Bu ittifaqın təmsilçiləri sentyabrın əvvəlində daxili işlər naziri Loran Nünezlə görüşdən sonra nəticələrdən narazı qaldıqlarını açıqlayıblar.

Enerji sektorunda çalışan elektrik və qaz işçiləri də sentyabrın 15-də genişmiqyaslı tətilə hazırlaşırlar. Onlar əməkhaqqının tərkib hissəsi hesab etdikləri güzəştli “agent tarifi”nin dəyişdirilməsinə qarşı çıxırlar. Bu tarif təxminən 140 min işçiyə, eləcə də EDF və GDF şirkətlərinin tarixi operatorlarından olan şirkətlərin 160 minə yaxın təqaüdçüsünə şamil olunur.

Eyni gündə yanğınsöndürənlər, tibb bacıları, tələbələr, ekologiyanı və heyvan hüquqlarını müdafiə edən təşkilatların nümayəndələri də İqtisadiyyat Nazirliyinin qarşısında aksiya keçirəcəklər. Onlar iqlim dəyişiklikləri ilə mübarizə üçün 2027-ci il büdcəsində əlavə vəsaitin ayrılmasını tələb edirlər.

Ali təhsil və elmi tədqiqat sektorunda çalışanlar isə Jüssye meydanında toplaşaraq, universitet və elmi müəssisələrin xroniki maliyyələşdirilməməsinə, təhsil və əmək şəraitinin pisləşməsinə etiraz edəcəklər. Həmkarlar ittifaqları universitetlərdə kadr çatışmazlığının aradan qaldırılmasını və tələbələr üçün əlavə maliyyə yükünün azaldılmasını tələb edir.

Share