Krit adasının yaxınlığında miqrant qayığı qəzaya uğrayıb, 1 nəfər ölüb, 20 nəfər itkin düşüb

Krit adasının yaxınlığında miqrant qayığı qəzaya uğrayıb, 1 nəfər ölüb, 20 nəfər itkin düşüb

14.09.2026 Off By Füzuli İsmayılov

Liviyadan Yunanıstanın Krit adasına doğru hərəkət edən miqrant qayığına suyun dolması nəticəsində 1 nəfər həlak olub, təxminən 20 nəfər itkin düşüb.

Hakimiyyet.info.az xəbər verir ki, “Kathimerini” Yunanıstan Sahil Mühafizəsinə istinadla hadisənin Krit adasından təxminən 75 kilometr cənubda baş verdiyini bildirib.

Axtarış-xilasetmə əməliyyatı zamanı 51 nəfər xilas edilib. Əməliyyata sahil mühafizəsinin patrul katerləri, helikopter, pilotsuz uçuş aparatı və ərazidə olan kommersiya gəmiləri cəlb olunub. Avropa İttifaqının sərhəd agentliyi Frontex də əməliyyatda iştirak edir.

İlkin məlumatlarda qayığın göyərtəsində 77 nəfərin olduğu bildirilir, itkin düşənlərin axtarışı davam etdirilir.

Şərqi Liviyadan Krit və Gavdos adalarına uzanan Aralıq dənizi marşrutu son dövrdə Avropaya qeyri-qanuni miqrasiyanın ən fəal istiqamətlərindən birinə çevrilib.

Dəniz yolu ilə həyata keçirilən belə səfərlər çox vaxt normadan artıq sərnişin götürülmüş və təhlükəsizlik tələblərinə cavab verməyən qayıqlarla həyata keçirildiyindən insan tələfatı riski yüksəkdir.

Yunanıstanın və Avropa İttifaqının sərhəd qurumları Krit istiqamətində artan miqrasiya axınının idarəolunmasını son aylarda əsas problemlərdən biri kimi qiymətləndirirlər.

Share