Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb
16.09.2026Sudanın Qərbi Kordofan əyalətində qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi həlak olub, bir neçə nəfərin isə dağıntıların altında qaldığı ehtimal edilir.
Hakimiyyet.info.az “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bu barədə hadisədən sağ çıxan 2 nəfər “France Press” agentliyinə məlumat verib.
Hadisə Qərbi Kordofan əyalətinin ən-Nuhud şəhəri yaxınlığındakı əz-Zəra qızıl mədənində baş verib. Xilasedicilər 60 nəfərin meyitini dağıntıların altından çıxarıblar.
Sağ qalan mədən işçilərindən Xeyr əs-Seyid Cabbarə bildirib ki, həmkarları ilə birlikdə gecəboyu xilasetmə işlərində iştirak edib.
Sudanda qızıl hasilatı ilə məşğul olan fərdi mədənçilər, əsasən, primitiv quyulardan və tunellərdən istifadə edirlər. Bu isə onları torpaq sürüşməsi və mədən uçqunları ilə bağlı qəzalara daha çox məruz qoyur.











