Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb

Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb

22.09.2026 Off By Füzuli İsmayılov

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində “Solneçnı” ticarət mərkəzində güclü yanğın baş verib.

Hakimiyyet.info.az xəbər verir ki, yanğın Kommunistiçeskaya küçəsində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Rusiya mediasının məlumatına görə, yanğın nəticəsində üç nəfər ölüb. Son qeyri-rəsmi hesablamalara görə, yaralıların sayı 12 nəfərdir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan Respublikası üzrə Baş idarəsi binadan 17 nəfərin, o cümlədən bir uşağın təxliyə edildiyini bildirib. Yanğının söndürülməsi üçün 47 yanğınsöndürən və 16 texnika cəlb edilib.

İlkin məlumatlara görə, yanğın ikinci mərtəbədəki geyim şöbəsində baş verib. Ticarət mərkəzinin işçiləri mediaya bildiriblər ki, alovların yayılmasından təxminən bir saat əvvəl ərazidə kəskin yanma qoxusu hiss olunub, lakin onun mənbəyi dərhal müəyyən edilməyib.

Media, həmçinin binanın yanğınsöndürmə sistemində mümkün nasazlıq barədə məlumat verib. Bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Yanğının səbəbi araşdırılır.

Share