Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib

22.09.2026 Off By Füzuli İsmayılov

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib.

Hakimiyyet.info.az xəbər verir ki, çimərlik mövsümünün bitməsi ilə əlaqədar IDEA tərəfindən “Sahillər təmiz qalsın!” şüarı altında Ümumdünya Təmizlik Günü (World Cleanup Day) çərçivəsində təşkil olunan aksiyada 150-dən çox könüllü iştirak edib. Aksiya zamanı sahilyanı ərazilərdən 2 tondan çox tullantı toplanıb. Zəruri sanitar ləvazimatlarla təmin olunmuş könüllülər tərəfindən toplanan tullantılar “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi dəniz sahillərinin təmiz saxlanılmasını təşviq etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasına diqqəti artırmaq, ictimaiyyəti dəniz və sahilyanı ekosistemlərin mühafizəsinə daha fəal cəlb etməkdir.

Qeyd edək ki, IDEA İctimai Birliyi Xəzər dənizinin bioresurslarının qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici və praktiki ekoloji təşəbbüslər həyata keçirir.

IDEA hər kəsi təbiətin mühafizəsinə məsuliyyətlə yanaşmağa, sahillərimizin təmizliyini qorumağa, gələcək nəsillər üçün daha sağlam, təmiz və dayanıqlı ətraf mühitin formalaşdırılmasına töhfə verməyə çağırır.

Share