Gənclər və İdman Nazirliyi tərəfindən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun növbəti seçim mərhələləri keçirilib
23.09.2026Sentyabrın 22-də seçim mərhələləri eyni gündə iki regionda – Mərkəzi Aran və Gəncə-Daşkəsən iqtisadi rayonları üzrə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilib.
Hakimiyyet.info.az xəbər verir ki, Mingəçevir Gənclər Evində keçirilən Mərkəzi Aran regionu üzrə seçim mərhələsinin nəticələrinə əsasən, “Qarabağ” komandası birinci, Mingəçevir Dövlət Universitetinin “4TEA5” komandası ikinci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Aethel” komandası isə üçüncü yerə layiq görülüb.
Gəncə Gənclər Evində keçirilən Gəncə-Daşkəsən regionu üzrə seçim mərhələsində isə Azərbaycan Dövlət Aqrar Universitetinin “ADAU I” komandası birinci, Gəncə Dövlət Universitetinin “Kvin Piks” komandası ikinci, Azərbaycan Texnologiya Universitetinin “Ehtimal Nəzəriyyəsi” komandası üçüncü yeri tutub.
Seçim mərhələlərində qalib olan komandalar sentyabrın 25-də Bakı şəhərində keçiriləcək yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıblar.











