ƏBƏDİYYƏTƏ YAZILAN ŞƏRƏF TARİXİ: ŞUŞA FATEHİ TƏBRİZ CÜMƏZADƏ
26.09.202627 Sentyabr – xalqımızın qürur, bütövlük və müqəddəs Vətən sevgisinin təcəssümü olan Anım Günüdür. 44 günlük Zəfər yürüşü təkcə torpaqlarımızın azadlığı ilə deyil, həm də tariximizə qızıl hərflərlə yazılan igidlərin qəhrəmanlıq dastanı ilə yadda qaldı. Bu dastanın ən parlaq səhifələrindən birini isə Mingəçevirin fəxri, zəfər tariximizin unudulmaz siması, “Şuşa Fatehi” Təbriz İldırım oğlu Cüməzadə yazdı.
2000-ci il fevralın 2-də dünyaya göz açan Təbriz Cüməzadə gənc yaşına baxmayaraq, qəlbində böyük bir Vətən sevgisi və cəsarət gəzdirirdi. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ Müharibəsində ön cəbhədə fədakarlıqla vuruşan Təbriz, xüsusilə Azərbaycanın döyünən ürəyi olan Şuşa uğrunda gedən ağır və şərəfli döyüşlərdə xüsusi şücaət göstərdi. Məhz bu cəsarəti və sarsılmaz iradəsi ona xalqın qəlbində və məzar daşında həkk olunan “Şuşa Fatehi” adını qazandırdı.
Təbriz Cüməzadə 2020-ci il noyabrın 26-da – qələbəmizin ardınca, Vətən borcunu alnıaçıq, üzüağ yerinə yetirərək şəhadət şərbətini içdi. Onun doğmalarına, elinə-obasına qoyub getdiyi “Mən də sizi çox istəyirəm” sözləri bu gün həm bir təsəlli, həm də gələcək nəsillərə əmanət olunan Vətən sevgisinin ifadəsidir.
Anım Günündə Mingəçevir Şəhidlər Xiyabanında Təbrizin məzarını ziyarət edərkən bir daha şahid oluruq ki, şəhidlər ölmür, onlar Vətən torpağına qarışaraq əbədiləşirlər. Validəynlərinin gözlərindəki qürur və kədər, millətimizin onlara olan sonsuz ehtiramı Təbriz kimi oğulların qanının hədər getmədiyinin bariz sübutudur.
Bizlərə qalib xalq olmaq qürurunu bəxş edən Təbriz Cüməzadə kimi qəhrəmanlarımızın əziz xatirəsi önündə baş əyirik. Ruhun şad olsun, Şuşa Fatehi! Vətən səni heç vaxt unutmayacaq!
Dəyanət Kərimli
“Hakimiyyət” qəzetinin bölgə müxbiri











