27 sentyabr: Təqvimdə bir tarix, yaddaşda bir iz

27 sentyabr: Təqvimdə bir tarix, yaddaşda bir iz

26.09.2026 Off By Füzuli İsmayılov

2020-ci il sentyabrın 27-də səhər Azərbaycan üçün adi başlamadı. Xəbər lentləri dəyişdi, telefon ekranlarına ard-arda bildirişlər gəldi, televiziya efirlərinin ritmi pozuldu. İnsanlar baş verənləri sadəcə uzaqdan izləmirdi. Həmin gün ölkənin hər yerində həyatın əvvəlki axarının dəyişdiyi hiss olunurdu.

O səhər başlayan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanatın qəbul edilməsi ilə başa çatdı. Hərbi vəziyyət isə sentyabrın 28-dən etibarən Azərbaycanın bütün ərazisində elan edilmişdi. Amma, 27 sentyabrı yalnız müharibənin başladığı tarix kimi xatırlamaq kifayət deyil. Çünki, bəzitarixlərin mənası onları yaşadığımız günlə bitmir. Zaman keçdikcə həmin günlər yaddaşın bir hissəsinə çevrilir.

2020-ci il dekabrın 2-də Prezidentin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda “Anım Günü” elan edildi. Bununla 27 sentyabr sadəcə təqvimdə daha bir rəsmi tarixə çevrilmədi. O gün Vətən müharibəsində həyatını itirənlərin xatirəsini yaşadan bir yaddaş gününə çevrildi.

Lakin, yaddaş yalnız sərəncamlarla qorunmur. Bir ailənin illərlə saxladığı fotoşəkil, birananın danışdığı xatirə, bir dostun yaddaşında qalan son söhbət, bir müsahibə, bir xəbər materialı… Bunların hər biri gələcək üçün yaddaşın ayrı-ayrı parçalarıdır. Bu gün xəbər olan hadisələr illər keçdikcə sənədə, xatirəyə və tarixə çevrilir. Bu yaddaşın içində rəqəmlərin də xüsusi yeri var. Çünki, rəqəmlər hadisələrin miqyasını göstərir və tarix üçün konkret faktlar yaradır.

Müdafiə Nazirliyinin 21 oktyabr 2021-ci il tarixli məlumatında bildirilirdi ki, həmin tarixədək Vətən müharibəsində şəhid olmuş 2908 hərbi qulluqçu dəfn edilib, 6 hərbi qulluqçu isə itkin hesab olunur. Nazirlik itkin hərbçilərin axtarışı və identifikasiyası istiqamətində işlərin davam etdiyini də açıqlamışdı.

2908. Bir rəqəmi söyləmək bir neçə saniyə çəkir. Yazmaq isə bundan da az. Amma o rəqəmin arxasında 2908 ayrı həyat dayanır. Birinin evə qayıtmasını gözləyən ailə, bir ananın səsi, bir uşağın atasına olan bağlılığı, dostlarla yarımçıq qalan söhbətlər, gələcək üçün qurulan planlar və heç vaxt baş verməyəcək görüşlər.

İllər keçdikcə statistik məlumatları söyləmək asanlaşa bilər. Tarixlər yaddaşda uzaqlaşa, 2020-ci ilin görüntüləri arxivlərdə qala bilər. Lakin rəqəmlərin ifadə etdiyi itkilər kiçilmir. Zaman yalnız hadisə ilə aramızda məsafə yaradır. Bəlkə də yaddaşın ən ağır tərəfi elə budur: zaman keçir, amma itki keçmiş zamana çevrilmir.

27 sentyabra baxanda bu tarix yalnız bir neçə il əvvəl yaşanmış hadisənin adı kimi görünmür. O, zaman keçdikcə mənası daha da ağırlaşan bir yaddaş nöqtəsinə çevrilir.

Çünki biz artıq həmin günün içində deyilik. Hadisələrdən illər uzaqdayıq. Bu məsafə isə qarşımıza başqa bir məsuliyyət qoyur: xatırlamaq.

Bəzən bir şəkil uzun statistik hesabatdan daha çox şey danışır. Bir ad onlarla rəqəmdən daha çox düşündürür. Bir insanın kim olduğunu, nələri sevdiyini, ailəsinin onu necə xatırladığını biləndə tarix uzaq bir anlayış olmaqdan çıxır. O zaman tarix insan həyatına toxunur.

Məhz buna görə 27 sentyabr haqqında düşünərkən əsas sual yalnız “nə baş verdi?” deyil. Əsas məsələ həm də budur: biz bunu illər sonra necə xatırlayacağıq?

2020-ci ilin hadisələrini şəxsən yaşamayan nəsillər olacaq. Onlar həmin səhərin necə başladığını, insanların xəbərləri necə gözlədiyini, hər telefon zənginin arxasında hansı narahatlığın dayandığını bizim kimi bilməyəcəklər. Onlar 27 sentyabrı bizdən qalan yaddaşla tanıyacaqlar. Ona görə bu gün yazılan hər cümlənin, qorunan hər görüntünün, yadda saxlanılan hər adın öz məsuliyyəti var. Çünki, tarix yalnız baş verənləri qeyd etmək deyil.Tarix həm də insanların həmin hadisələrdə necə yaşadığını, nə itirdiyini və nələri yadda saxladığını gələcəyə çatdırmaqdır. Bir tarix hər il təqvimdə yenidən qarşımıza çıxa bilər. Eyni günü yenidən qeyd edə bilərik. Amma həmin tarixin arxasında dayanan həyatları yalnız təkrarlanan rəqəmlərə çevirmək olmaz.

27 sentyabrı xatırlamaq sadəcə bir günü yad etmək deyil. Bu, bir vaxtlar bu ölkədə yaşayan, sevən, arzu quran, gələcək planları olan insanların həyatlarının yaddaşda qalmasına imkan verməkdir. İllər keçəcək. 2020-ci il daha uzaq görünəcək. O günlərin səsi və görüntüləri zamanla arxivlərə çəkiləcək. Həmin günləri yaşayan insanların xatirələri isə gələcək nəsillər üçün tarixə çevriləcək. Amma bəzi tarixlər var ki, onları sadəcə xatırlamırıq. Onları içimizdə daşıyırıq.

Və hər il 27 sentyabrda susaraq xatırlanan adlar bizə tariximizin ən ağır səhifələrindən birini yenidən açacaq. Ona görə ki, bəzi itkilər zamanla köhnəlmir. Sadəcə susur. Yaddaş isə onların səsini eşitdirməyə davam edir.

Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin də 2024-cü ildə Zəfər Günü münasibətilə xalqa müraciətində  dediyi kimi: “Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.”

Müəllif:

Nigar Vüqarqızı
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası

Share