Macarıstanda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil edilib
26.09.2026Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
Hakimiyyət.info.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən səfir Esmira Cəfərova 27 Sentyabr – Anım Gününün tarixi önəmindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərə gedən yoldakı şücaətindən bəhs edib. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin oğlu, hazırda Budapeşt şəhərində təhsil alan Nurlan Mirzəzadə atasının keçdiyi qəhrəmanlıq yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb.
Tədbir çərçivəsində Vətən müharibəsi reallıqlarını əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub. Həmçinin, Ordumuzun şücaətindən və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən bəhs edən sənədli filmlər də tədbir iştirakçılarının diqqətinə təqdim edilib. Tədbirdə Macarıstanda yaşayan Azərbaycan icmasının nümayəndələri, habelə bu ölkədə təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak ediblər.
Tədbirin sonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil olunub.











