Rusiyanın Novosibirsk vilayətində gənclərin millətlərarası toplantısı start götürüb
26.09.2026Rusiyanın Novosibirsk vilayətində IX “İnterAktiv” millətlərarası toplantı başlayıb. Təşkilatçı qismində Novosibirsk regional ictimai təşkilatı olan “Rusiya-Azərbaycan Gəncləri Assosiasiyası” çıxış edib.
Hakimiyyət.info.az xəbər verir ki, layihə Novosibirsk şəhər meriyasının İctimaiyyətlə əlaqələr departamenti və Şəhər Millətlərarası Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Bu tədbir doqquzuncu dəfədir keçirilir və müxtəlif millətlərdən olan fəal gəncləri, ali təhsil müəssisələrinin, gənclərin ictimai birliklərinin nümayəndələrini bir araya gətirir. Layihənin əsas məqsədi millətlərarası dialoq, şəbəkələşmə, komanda işi və fikir mübadiləsi, eləcə də liderlik bacarıqlarının inkişafı üçün məkan yaratmaqdır.
İlk gün iştirakçılar bir-biri ilə tanış olublar və komandalar yaradıblar. Proqrama liderlik və uğur hekayələri ilə bağlı görüşlər və müzakirələr, “Birlik kodu” adlı komanda kvesti, “İnsanların izləmək istədiyi hekayə” adlı media seminarı və “Biz görüşdük” adlı mediasprint daxil idi.
İştirakçılar, həmçinin interaktiv turnir çərçivəsində ilk “aktivlərini” qazanıblar. Toplantının ilk günü etnik rəqslərin təqdimatı və tonqal ətrafında görüşlə başa çatıb.











