Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır
28.09.2026Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır və artıq bu istiqamətdə addımlar atılıb. Ötən il “Əlillik” altsistemində tətbiq edilmiş süni intellekt əsaslı funksionallıq tibbi göndərişlərdə mətn analizinin aparılmasına, qərarvermə üçün əhəmiyyətli göstəricilərin avtomatik müəyyənləşdirilməsinə və s. imkan yaradıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində kompleks işlər aparılır. Həmçinin nazirlik tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi, gələcəkdə bu əsasda məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 152 xidmətindən 90 faizi elektronlaşdırılıb, o cümlədən 55 proaktiv xidmət istifadəyə verilib. Bu gün nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.











