bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb
28.09.2026bp “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Dərinsulu Günəşli” ərazisində çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin dördüncü rübündə başlanmış bu proqram təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanıb, yeddi quyuda sualtı müdaxilə əməliyyatlarının həyata keçirilməsinə imkan verib.
Sualtı müdaxilə işlərinin icrası üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunub. “Blue Ocean” dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu texnologiya ənənəvi qazma dikborularından istifadə etmədən sualtı quyulara çıxış təmin etməklə yanaşı, proqram boyunca quyulara nəzarət, təzyiqin saxlanılması və bütün sualtı müdaxilə işlərinin həyata keçirilməsini təmin edib.
Quyularda müdaxilə işləri “Xankəndi” sualtı tikinti gəmisindən icra olunub. Bunun üçün gəminin üzərinə QDYM sistemi inteqrasiya edilib və o, quyuya yüngül müdaxilə gəmisi kimi layihəyə dəstək verib. Bu, Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdir. Layihənin əsas elementlərindən biri “Xankəndi” gəmisində ilk dəfə olaraq şaxta (moonpool) sisteminin quraşdırılması və istifadəsi olub. Gəminin mərkəzi hissəsinə yaxın yerləşən bu şaxta, gövdənin ortasından birbaşa dənizə açılan şaquli keçid təmin etməklə sualtı avadanlıqların, məsafədən idarə olunan sualtı aparatların və quyuya müdaxilə alətlərinin birbaşa dəniz dibinə təhlükəsiz şəkildə endirilməsinə imkan verir.
Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan yeddi sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilib. Proqram quyuların daha yaxından izlənməsinə və lay təzyiqinin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının aşkarlanmasına imkan yaratmaqla AÇG yatağının bundan sonrakı potensialının üzə çıxarılması səylərinə dəstək verib.











