Biləsuvarda pambıq yığımına start verilib
28.09.2026Biləsuvar rayonunda 2026-cı ilin pambıq yığımına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda fermer və mülkiyyətçilərlə pambıq istehsalı ilə məşğul olan şirkətlər arasında bağlanmış müqavilələr əsasında 8301,2 hektar sahədə pambıq əkilib. Mövsüm ərzində əkin sahələrinə aqrotexniki qulluq göstərilib, gübrələmə və suvarma işləri həyata keçirilib.
Hazırda yetişmiş məhsulun vaxtında və itkisiz toplanması üçün hazırlıq işləri başa çatdırılıb. Pambıqyığan kombaynlar texniki baxışdan keçirilib və ilk yığım prosesinə başlanılıb.
Biləsuvar Rayon İcra Hakimiyyətindən verilən məlumata görə yığımın operativ təşkili, məhsulun itkisiz toplanması və qəbul məntəqələrinə vaxtında çatdırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilib. Rayonda fəaliyyət göstərən pambıq emalı zavodları və qəbul məntəqələrinin də mövsümə hazırlığı təmin olunub. Sahələrdən xam pambığın daşınması üçün müasir pambıqyığan kombaynlarla yanaşı, traktor və yedəkli qoşqular da prosesə cəlb edilib.
Qeyd edək ki, 2025-ci ildə Biləsuvarda 8028,4 hektar sahədən 32 min 517,2 ton xam pambıq tədarük olunub. Həmin il orta məhsuldarlıq 40,5 sentner təşkil edib və rayon ölkə üzrə pambıq istehsalında ikinci yeri tutub.











