Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb

28.09.2026 Off By Füzuli İsmayılov

Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsinə daxil olan Suraxanı kəndi ərazisində başlayan yanğın məhdudlaşdırılıb.

AZƏRTAC-ın hadisə yerində olan bölgə müxbirinə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu rayon mühafizə hissəsinin rəis müavini, daxili xidmət mayoru Tural Cavadov bildirib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot və kol örtüyü yanıb.

Onun sözlərinə görə, sentyabrın 28-də saat 11:00-radələrində nazirliyin 112 qaynar telefon xəttinə Kalva kəndinin dağlıq ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğının Dövlət meşə fondunun ərazisinə və yaxınlıqda yerləşən yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb. Ərazidəki meşə sahələri və yaxın kəndlər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı, Ağsu və İsmayıllı bölmələrinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının tam söndürülməsi və alovun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Share