Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var
29.09.2026Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Marko Rubio Böyük Britaniyada ölkəsinə məxsus strateji bombardmançı təyyarələrin yerləşdiyi RAF Fairford hərbi bazası yaxınlığında həftəsonu baş verən insidentdə xarici aktorun əlinin olduğunu bildirib.
Hakimiyyet.info.az “Fox News”a istinadla xəbər verir ki, Rubio bəzi məlumatları açıqlaya bilməyəcəyini deyib və baş verənləri “çox ciddi vəziyyət” adlandırıb. O, insidentin xarici aktorla əlaqəli olduğunu deyib, lakin əlavə təfərrüat və ya sübut təqdim etməyib.
Rubio Böyük Britaniya hakimiyyətinə əməkdaşlığa görə təşəkkür edərək, onların məsələyə ciddi yanaşdığını və ABŞ tərəfinə kömək etdiyini vurğulayıb.
RAF Fairford bazası yaxınlığında terror cinayətlərində şübhəli bilinərək saxlanılan 5 nəfər bazar ertəsi girov müqabilində azadlığa buraxılıb. Onlar Londonda yaşayan Böyük Britaniya vətəndaşlarıdır. Şübhəlilər partlayıcı maddələrlə bağlı qanunvericilik çərçivəsində və terror aktı hazırlamaq şübhəsi ilə saxlanılmışdılar. Hadisədən sonra bazanın ətrafında geniş təhlükəsizlik tədbirləri həyata keçirilib. Bazar günü təxliyə edilən sakinlərdən bəzilərinə artıq evlərinə qayıtmağa icazə verilib.











