İnam Kərimovun sədrliyi ilə iclas – 39 hakimliyə namizədlə fərdi söhbət aparıldı
30.09.2026Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Hakimiyyət.info.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesinin şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etdirildiyini bildirib.
Toplantıda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin üzvü, Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva hakim vəzifəsinə namizədlərin seçim prosesi barədə ətraflı məlumat verib.
Daha sonra müsabiqəni uğurla başa vuran 39 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb.
Namizədlərə müvafiq tövsiyələr verilib. İclasın yekununda həmin şəxslərin birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması barədə qərar qəbul edilib. Bundan başqa, iclasda intizam icraatı üzrə işlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.











