Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb
01.10.2026Sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin Kürdəmirdə baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıblar.











