Rusiya BMT-nin ədalətli islahatı ideyasını dəstəkləyir – Putin
01.10.2026Rusiya BMT-nin ədalətli islahatı ideyasını dəstəkləyir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Gələcək üçün məsuliyyət: mümkün olanın sərhədləri, yoxsa sərhədsiz imkanlar?” mövzusunda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasında çıxışı zamanı deyib.
“BMT-nin Əsasnaməsinə uyğun olaraq dünya işlərində mərkəzi əlaqələndirici mexanizm rolunu oynamağa çağırılan Birləşmiş Millətlər Təşkilatı kimi fundamental struktura da tənqidlər səslənir. Əlbəttə, bu tənqidlər heç də həmişə obyektiv deyil, lakin əsaslandırılmış iradlar da var. Onlar qismən onunla bağlıdır ki, BMT dünyanın ən çox təmsil olunan təşkilatı olsa da, əslində, onun idarə olunması nəzərdə tutulduğundan daha az kollegial və demokratikdir. Qərb ölkələrinin məhdud qrupunun təsiri qeyri-mütənasib dərəcədə böyükdür. Bu qrup dünya azlığını açıq şəkildə təşkil etsə də, idarəetmə funksiyalarını öz üzərinə götürməyə çalışır. Bu dövlətlərin real təsiri getdikcə daha müstəqil və özünəinamlı olan dünya çoxluğunun xeyrinə azaldıqca, BMT-nin quruluşundakı disbalanslar daha qabarıq şəkildə üzə çıxır. Bu, bir anda həll edilməsi mümkün olmayan sistemli problemdir”, – deyə o bildirib.
Putin qeyd edib ki, Rusiya həm əvvəllər, həm də hazırda Birləşmiş Millətlər Təşkilatının ədalətli islahatı ideyasını dəstəkləyir, lakin hazırda əldə edilməsi çətin olan daxili konsensus olmadan bu mümkün deyil.
“Bir daha təkrar edirəm: biz ardıcıl olaraq BMT-nin strukturunun dünyanın bütün müxtəlifliyini əks etdirməsinin, Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələrinin təşkilatda daha əhəmiyyətli rol oynamasının tərəfdarıyıq. Bununla yanaşı, nəzərə almaq vacibdir ki, BMT-nin transformasiyası heç də yalnız Təhlükəsizlik Şurasının genişləndirilməsi və beynəlxalq idarəetmə orqanlarında ölkələrin daha balanslı coğrafi təmsilçiliyinə dair digər tədbirlərlə məhdudlaşmır. Bu, həmçinin təşkilatın fəaliyyətinin yeni məzmunla doldurulmasını, onun fəaliyyətinin prioritet istiqamətlərini nəzərdə tutur. Xüsusilə ona görə ki, dünyada baş verən dəyişikliklər əvvəllər sadəcə mövcud olmayan çoxlu sayda yeni dilemmalar yaradır”, – deyə Rusiya Prezidenti əlavə edib.











