Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb
03.10.2026Bakı şəhərinin Xətai rayonunun Əhmədli qəsəbəsində ərzaq satışı köşkündə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinə imkan verilmədən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 20 kvadratmetr olan köşkdə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar edilib. Köşk yanğından mühafizə olunub.
Hadisənin səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.











