Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
03.10.2026Sudan Həkimlər Şəbəkəsi ölkənin Şimali Kordofan əyalətinin Umm Bədr bölgəsində Çevik Dəstək Qüvvələri tərəfindən 25-dən çox mülki şəxsin öldürüldüyünü iddia edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Hakimiyyet.info.az “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Sudan Həkimlər Şəbəkəsi hadisənin xüsusilə narahatedici olduğunu qeyd edərək qətllərin etnik zəmində törədildiyini bildirib.
Hadisə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmalar fonunda baş verib. Ölkənin bir sıra bölgələrində döyüşlər nəticəsində mülki əhali arasında itkilər artmaqdadır.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında müharibə 2023-cü ilin aprelindən davam edir. Məlumatlara görə, qarşıdurmalar nəticəsində azı 59 min nəfər həlak olub, təxminən 13 milyon insan didərgin düşüb. Hazırda 30 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğu bildirilir.











