ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər
05.10.2026Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi işğaldan azad edilmiş ərazilərimizdə çalışan müəllimlərlə görüşlər keçirib. Görüşlər 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilib.
Bu barədə AZƏRTAC-a ETİHİ Respublika Komitəsindən məlumat verilib. Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev, həmçinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən rayon komitələrinin sədrləri iştirak edib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, habelə ETİHİ Respublika Komitəsi rəhbərliyinin təbrik və xoş arzularını təhsil işçilərinə çatdırıblar.
Böyük Qayıdışla doğma yurdlarımızda həyat yenidən canlanır, yeni məktəblər qapılarını şagirdlərin üzünə açır, sinif otaqlarında müəllim səsi eşidilir. Bu gün azad torpaqlarda dərs deyən hər bir müəllim həm təhsilin davamlı inkişafına töhfə verir, həm də doğma yurda qayıdışın mənəvi dayaqlarından birinə çevrilir.
Görüşlər zamanı müəllimlərin azad edilmiş ərazilərdə tədris prosesinin təşkili, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, yeni qurulan təhsil mühitinin formalaşması istiqamətində əməyi yüksək qiymətləndirilib.












