Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

05.10.2026 Off By Füzuli İsmayılov

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunda küləyin sürətinin ölçülməsi üçün nəzərdə tutulan 360 metr hündürlüyündə qüllə tam istifadəyə verilib. Bu, ölkənin yeni nəsil bərpaolunan enerji infrastrukturunun inkişafı istiqamətində mühüm mərhələ hesab olunur.

Hakimiyyet.info.az xəbər verir ki, hündürlüyünə görə Eyfel qülləsini üstələyən bu qurğu qlobal külək energetikası sənayesində ən hündür tikilidir. “China Daily” qəzeti yazır ki, Milli Külək Enerjisi İnnovasiya Mərkəzinin məlumatına əsasən, qüllə Muley-Qazax Muxtar Dairəsində yerləşən 800 meqavat gücündə eksperimental külək elektrik stansiyasının dayağıdır.

Böyük yüksəkliklərdə atmosfer şəraiti haqqında mürəkkəb məlumatların toplanması üçün nəzərdə tutulan bu qüllə müxtəlif hündürlüklərdə küləyin sürəti və istiqaməti, həmçinin turbulentliyin intensivliyi üzrə müşahidələr aparır. Toplanan məlumatlar yüksək hündürlüklərdə külək enerjisinin tədqiqinə kömək edəcək, iri külək turbinlərinin layihələndirilməsinin yoxlanılması və yeni tip enerji sisteminin yaradılması üçün zəruri məlumat bazası yaradacaq.

Küləyin orta illik sürətinin saniyədə 8,2 metrə çatması və günəşli saatların sayının 1700-dən çox olması Muley rayonuna 60-dan artıq yeni enerji şirkətini cəlb edib. Rayon 2024-cü ilin sonunda Sincanda şəbəkəyə qoşulub, gücü 10 milyon kilovat olan ilk yeni nəsil enerji bazasına çevrilib. 2025-ci ilin sonuna bu bazanın ümumi gücü 20 milyon kilovatı ötüb.

Sincan Dövlət Elektrik Şirkətinin məlumatına görə, cari ilin ilk yarısında şəbəkəyə qoşulan yeni elektrik enerjisinin həcmi 89,3 milyard kilovat-saata çatıb ki, bu da regionda elektrik enerjisi istehsalının ümumi həcminin 30 faizindən çoxunu təşkil edib.

Share