Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır
14.10.2026Türkiyə ilə Azərbaycan arasında münasibətlər tarix boyu formalaşmış qardaşlığın, ortaq strateji baxışın və qarşılıqlı etimadın bariz nümunəsidir. Son vaxtlar rəqəmsal məkanda bəzi dairələrin süni gündəm yaratmaq və vəziyyət barədə yanlış təsəvvür formalaşdırmaq cəhdlərinə baxmayaraq, Ankara ilə Bakı arasındakı əlaqələr bu gün əvvəlkindən daha güclü, dinamik və sarsılmazdır.
Bunu Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığı şərh edən Türk Dünyasının İnkişafı və İnnovasiyalar Mərkəzinin sədri, beynəlxalq biznes, innovasiyalar və elmi-tədqiqat işləri üzrə ekspert Mesut Gülaçtı deyib.
Onun sözlərinə görə, bu möhkəm birliyin ən mühüm dayaqlarından biri Azərbaycanın dövlət qurumlarının və Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət, uzaqgörənlik və strateji düşüncədir.
“Azərbaycanın beynəlxalq arenada həyata keçirdiyi güclü diplomatiya, regional sülhün və sabitliyin təmin olunmasında aparıcı rolu, eləcə də Türk dünyasının inteqrasiyasına verdiyi tarixi töhfə ən yüksək qiymətə layiqdir. Azərbaycanın dövlət qurumlarının prinsipial mövqeyi və bütün sahələrdə Türkiyə ilə ən yüksək səviyyədə koordinasiyası iki ölkənin ortaq gələcəyini təmin edən ən etibarlı qaladır”, – deyə o vurğulayıb.
İki ölkənin liderlərinin nümayiş etdirdiyi siyasi iradə müdafiə sənayesi və enerji təhlükəsizliyindən tutmuş yüksək texnologiyalara və birgə layihələrə qədər əməkdaşlığın bütün istiqamətlərində öz əksini tapır.
“Bir millət, iki dövlət” sadəcə tarixi kəlam deyil, hər anı strateji düşüncə, qarşılıqlı hörmət və sarsılmaz həmrəyliklə dolu olan canlı reallıqdır”, – deyə M.Gülaçtı qeyd edib.
Türkiyəli ekspertin fikrincə, ikitərəfli münasibətlərə zərər vura biləcəyi düşünülən istənilən spekulyasiya və süni şəkildə yaradılan gərginlik Azərbaycan və Türkiyə xalqları arasındakı dərin bağlılıq və iki dövlətin qətiyyətli iradəsi qarşısında təsirini itirir. “Çünki Türkiyə və Azərbaycan regional sülhün, etimadın və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır”.
M.Gülaçtı, həmçinin vurğulayıb ki, bu gün ən mühüm vəzifə Azərbaycanın rəhbərliyinin nümunəvi dövlətçilik fəaliyyətini və uzaqgörən təşəbbüslərini dəstəkləmək, bənzərsiz qardaşlıq ruhunu daha da möhkəmləndirmək və gələcəyə doğru çiyin-çiyinə birlikdə irəliləməkdir.











