AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır

17.10.2026 Off By Füzuli İsmayılov

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın regional əməkdaşlığın inkişafı, təhlükəsizliyin möhkəmləndirilməsi və Avropa ilə Asiya arasında bağlantı imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyətini bir daha nümayiş etdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.

Deputat qeyd edib ki, son illərdə beynəlxalq və Avropa təhlükəsizlik sistemi ciddi sınaqlarla üzləşib. Mövcud münaqişələr və onların həlli istiqamətində beynəlxalq mexanizmlərin imkanları regional təhlükəsizlik sahəsində əməkdaşlığın yeni yanaşmalar əsasında inkişaf etdirilməsini zəruri edir.

Nigar Arpadarai bildirib ki, Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam etməsi və ATƏT-in münaqişənin həllinə həlledici təsir göstərə bilməməsi mövcud təhlükəsizlik mexanizmlərinin effektivliyi ilə bağlı suallar yaradır.

“Bununla belə, regional təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti azalmır, əksinə, daha da artır. Azərbaycanın bu baxımdan mühüm coğrafi üstünlüyü var: ölkəmiz Avropa ilə Asiyanın kəsişməsində yerləşir və hər iki istiqamətdə əməkdaşlıq imkanlarına malikdir. Asiya məkanında regional təhlükəsizlik və qarşılıqlı etimadın gücləndirilməsi üçün yeni imkanlar yaranırsa, Azərbaycan bu imkanlardan milli maraqları naminə səmərəli istifadə etməlidir”, – deyə N.Arpadarai vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasət strategiyası müxtəlif coğrafi və siyasi istiqamətlərdə əməkdaşlığın paralel inkişafını nəzərdə tutur. Onun fikrincə, həm Qərblə, həm də Şərqlə münasibətlərin möhkəmləndirilməsi, regional və beynəlxalq platformalarda fəal iştirak ölkənin milli maraqlarının qorunması və müstəqil xarici siyasətinin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

N.Arpadarai diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışında Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsinin yaratdığı imkanlara toxunması ölkəmizin Avrasiya məkanında birləşdirici mərkəz kimi rolunun artması ilə bağlıdır. Azərbaycanın müxtəlif ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığı regional əlaqələrin genişlənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.

Deputat AQEM Zirvə Görüşü çərçivəsində Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışını da mühüm hadisə kimi qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən fiber-optik kabel xətti ölkələr arasında rəqəmsal bağlantının gücləndirilməsi ilə yanaşı, Azərbaycanın Avrasiya məkanında rəqəmsal infrastruktur mərkəzlərindən birinə çevrilməsi üçün də yeni imkanlar yaradır.

“Bu layihənin əhəmiyyəti yalnız iki ölkə arasında rəqəmsal bağlantının yaradılması ilə məhdudlaşmır. O, Azərbaycanın Avrasiya məkanında nəqliyyat və logistika qovşağı olmaqla yanaşı, rəqəmsal bağlantıların da mühüm mərkəzinə çevrilməsi baxımından yeni imkanlar yaradır”, – deyə deputat qeyd edib.

N.Arpadarai layihənin iqtisadi əhəmiyyətindən danışarkən özəl sektorun iştirakına xüsusi diqqət çəkib. O bildirib ki, özəl şirkətlərin bu cür təşəbbüslərdə iştirakı Trans-Xəzər dəhlizinin və onun rəqəmsal infrastrukturunun biznes üçün cəlbediciliyini göstərən mühüm amildir.

“Bu, mühüm iqtisadi mesaj verir: Trans-Xəzər dəhlizi və onun rəqəmsal infrastrukturu özəl sektor üçün də investisiya baxımından cəlbedicidir. Başqa sözlə, bu dəhlizin inkişafı yalnız dövlətlərin siyasi iradəsinə və infrastruktur sərmayələrinə deyil, həm də özəl biznesin marağına və iştirakına əsaslana bilər”, – deyə o vurğulayıb.

Nigar Arpadarai əlavə edib ki, AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın çoxşaxəli xarici siyasətinin, regional təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin əhəmiyyətini bir daha ortaya qoyub. Təhlükəsizlik sahəsində dialoqun inkişafı, beynəlxalq platformalarda fəal iştirak, nəqliyyat və rəqəmsal bağlantı layihələrinin həyata keçirilməsi ölkənin regional mövqelərinin möhkəmləndirilməsinə və uzunmüddətli strateji maraqlarının təmin olunmasına xidmət edir.

Share