Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

17.10.2026 Off By Füzuli İsmayılov

17 oktyabr 2020-ci il… Vətən müharibəsinin ən ağır günlərindən biri idi. Cəbhədən Azərbaycan Ordusunun qələbə xəbərləri gözlənilir, ölkənin hər yerində olduğu kimi, Gəncə sakinləri də gecəni televiziya qarşısında keçirirdilər. Şəhər artıq Ermənistan silahlı qüvvələrinin bir neçə dəfə raket hücumuna məruz qalmışdı. Lakin həmin gecə Gəncənin daha bir məhəlləsində həyatın axarını bir neçə saniyəyə dəyişən partlayış baş verdi. Yuxuda olan insanlar nə baş verdiyini anlamağa macal tapmadılar. Evlər dağıldı, küçələr dağıntılarla örtüldü, ailələr parçalandı. Səhər açılarkən həmin məhəllədə dağıntılarla yanaşı, ağır insan faciələrinin izləri də qalmışdı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin hadisədən altı il ötür. Zaman keçsə də, 17 oktyabr Gəncə sakinlərinin yaddaşında adi bir tarix kimi qalmayıb. Hadisə şahidi Ramiz Qəhrəmanov həmin gecəni xatırlayarkən ilk növbədə dağıntıları deyil, səssizliyə qərq olan telefonları yada salır. Partlayışdan sonra yataq paltarında dağıntılar altından çıxan Ramiz övladlarını və nəvələrini çağırıb, lakin cavab almayıb.

“Yatmışdım, yuxu kimi gəldi mənə. Başımı qaldırdım, başımın üstü açıq idi. Baxdım ki, hər yer darmadağın olub. Bir təhər yataq paltarımla düşmüşəm. Övladlarımı, nəvələrimi çağırdım. Telefon zəngi… Heç bir cavabı olmadı. Xatirənin 34, Məryəmin 7, Ləmanın 19, Orxanın isə 10 yaşı vardı”, – deyə o, həmin anları xatırlayır.

Daha sonra dağıntılar arasında doğmalarını axtarmağa başlayıb. Ramiz Qəhrəmanov yaxınlarından birini saçından tanıyıb. Başqa sözlə, həmin gecə bir atanın və babanın öz doğmasını tanımaq üçün onun üzünə deyil, saçlarına baxmalı olduğu dəhşətli mənzərə yaşanıb. “Çevirdim o biri üzünə, saçı ilə sifətinin bir tərəfi qalmışdı. Saçı sifətindən tanıdım. Qızımın uşaqları idi. Dördü getdi, dördümüz qaldı. O yara çətin sağalar. Necə ki, mən varam, mənlə gedəcək o yara”, – deyə hadisə şahidi danışır.

Sulduz Əsgərovanın yaddaşında isə 17 oktyabrın ən ağır xatirəsi körpə nəvəsi ilə bağlıdır. Bir gecənin içində o, ailəsinin beş üzvünü itirib.

“2020-ci ilin oktyabrın 17-də bir gecənin içində beş şəhidimiz oldu. Körpə balalar, oğlum, qızım, həyat yoldaşım. Beş şəhid vermişik. Çətin dərddir. 10 il də, 20 il də keçsə, yaddan çıxası hadisə deyil. Mən əzizlərimi itirmişəm”, – deyə Sulduz Əsgərova bildirir.

Həmin gecə Sulduz Əsgərova hələ bir yaşı tamam olmayan nəvəsi Narin üçün qurban kəsməyi planlaşdırırmış. Lakin bir neçə gün sonra həmin ailənin həyətində qurban mərasimi deyil, yas mərasimi keçirilib. Dağıntılar altında qalan Sulduz Əsgərovanı xilasedicilər gecə saatlarında telefon işığının köməyi ilə axtarıblar. Əli dağıntıların arasından görünəndə onun sağ olduğu məlum olub.

Partlayışdan sonra hadisə yerinə çatan Teymur Sərkarov dağıntıların altında doğmalarının qaldığını bilirdi. Onun üçün 17 oktyabr gecəsi yalnız ailə faciəsi deyil, həm də dağıntıların arasında yaşanan ağır mübarizə idi.

“Getdim, elə ora çatanda Sevər rəhmətliyi çıxartdım. Onun dalınca Nigarı çıxartdım. Mən gedəndə artıq qalanları çıxarmışdılar”, – deyə Teymur Sərkarov həmin gecəni xatırlayır.

O, həmin gecənin ağrısını illər sonra belə ifadə edir: “Allah əsgərlərimizin, zabitlərimizin, Ali Baş Komandanın canını sağ eləsin. Bizim təsəllimiz odur ki, həqiqətən də bizim şəhidlərimizin qanı yerdə qalmadı. Ən böyük təsəllimiz o oldu”.

Altı il əvvəl Gəncədə bir gecənin içində dağılan evlər sonradan yenidən tikildi. Küçələr bərpa olundu, həyat öz axarına qayıtdı. Lakin həmin gecənin şahidləri üçün zamanın bərpa edə bilmədiyi bir şey var: itirdiklərinin yoxluğu. 17 oktyabr 2020-ci il Gəncə sakinlərinin yaddaşında məhz buna görə yaşayır.

Xatırladaq ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə 2020-ci il oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də, xüsusilə gecə saatlarında, əhalinin yatdığı vaxt raket hücumları təşkil edilib. Hücumlar nəticəsində 10 kişi, 10 qadın və 6 uşaq olmaqla, 26 dinc sakin həlak olub, 6 ailə tamamilə məhv edilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 175 mülki şəxsin 86-sı kişi, 57-si qadın, 32-si isə uşaq olub. Onlardan 24 nəfərin yaşı 60-dan yuxarı, 21 nəfərin yaşı 5–18 arasında, 11 nəfərin yaşı isə 5-dən aşağı olub. Hücumlar nəticəsində mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə də külli miqdarda ziyan dəyib.

Share