Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır
17.10.2026Azərbaycanın və Türkiyənin mövqeləri müzakirə edilən məsələlərdən asılı olmayaraq, bir-birindən ayrılmazdır.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı siyasi qüvvələrindən biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Azərbaycanın oktyabrın 18-də qeyd olunan Müstəqilliyin Bərpası Günü münasibətilə yaydığı bəyanatda bildirilib.
Türkiyəli siyasətçi müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərə diqqət çəkib, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini vurğulayıb.
“Türkiyə və Azərbaycan tarixən böyük sivilizasiyaların beşiyi olub. “Bir millət, iki dövlət” prinsipinə sadiq qalan ölkələrimiz çağırışlara qarşı mübarizədə mövqelərinin birliyini nümayiş etdirir. Əminəm ki, bundan sonra da belə olacaq. Türkiyə və Azərbaycan gələcəyə doğru yol açarkən ortaq hisslərə və düşüncələrə əsaslanır. Başqa cür ola da bilməz”, – deyə MHP lideri vurğulayıb.
Siyasətçi Türkiyəni və Azərbaycanı “eyni ananın övladları” adlandırıb. “Keçmişdən gələcəyə: dilimiz, dinimiz və yollarımız birdir, mübarizəmiz isə ortaqdır”, – deyə bəyanatda diqqətə çatdırılıb.










