Qardaşlıq qalib gəldi, amma izlər qaldı

Qardaşlıq qalib gəldi, amma izlər qaldı

21.10.2026 Off By Füzuli İsmayılov

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı iki ölkə arasındakı münasibətlərin təməlində dayanan siyasi iradəni və qardaşlıq bağlarını bir daha nümayiş etdirdi. Liderlər arasında mövcud olan qarşılıqlı etimad və səmimi münasibətlər Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əsas dayaqlarından biridir. Lakin bu danışığın müsbət siyasi atmosferi Türkiyədə son həftələr ərzində Azərbaycana qarşı aparılan kampaniyanın yaratdığı narahatlıqları və açıq qalan sualları aradan qaldırmır.

Sentyabrın sonlarından etibarən Türkiyədə Azərbaycanın dövlətinə, xalqına və ali rəhbərliyinə qarşı səsləndirilən ittihamlar, təhqiramiz ifadələr və ölkəmizin diplomatik nümayəndəlikləri qarşısında təşkil edilən aksiyalar iki qardaş ölkə arasındakı münasibətlərə kölgə salmağa hesablanmış təhlükəli tendensiyanın göstəricisidir. Bu prosesin ayrı-ayrı siyasi çevrələrin və hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın qrupların iştirakı ilə genişlənməsi isə vəziyyəti daha da narahatedici edib.

Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin hədəfə alınması, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması, Ankarada səfirliyimiz və İstanbulda konsulluğumuz qarşısında aksiyaların keçirilməsi adi siyasi mübahisə çərçivəsinə sığmır. Söhbət Türkiyə ilə ən yaxın müttəfiqlik münasibətlərində olan bir dövlətin nüfuzuna qarşı yönəlmiş, ictimai rəyə təsir göstərməyə hesablanmış fəaliyyətlərdən gedir.

Xüsusilə təəssüf doğuran məqam bu prosesdə AKP daxilindəki bəzi şəxslərin və siyasi dairələrin də adlarının hallanmasıdır. Xüsusilə, Oqtay Saral kimi kampaniyanın önündə görünən şəxslərin mövqeyi və fəaliyyəti ictimai müzakirə predmetinə çevrilib. Bu prosesin arxasında koordinasiyalı fəaliyyət, siyasi sifariş və ya təşkilatlanmış şəbəkə dayandığı aşkar görünürdü. Kampaniyanın təşkilatçıları, maliyyə və informasiya mənbələri, eləcə də mümkün sifarişçiləri barədə suallar cavabsız qalmamalıdır.

Ən ciddi suallardan biri isə Türkiyənin müvafiq dövlət qurumlarının baş verənlərə niyə daha erkən və təsirli müdaxilə etməməsidir. Qardaş ölkənin diplomatik nümayəndəlikləri qarşısında təkrar aksiyaların keçirilməsi, Azərbaycanın dövlət rəhbərliyinə qarşı təhqirlərin davam etməsi vaxtında siyasi və hüquqi reaksiya verilməsinin əhəmiyyətini bir daha göstərdi. Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi və dövlətlərarası münasibətlərə xələl gətirən qanunsuz hərəkətlərin qarşısının alınması hər bir dövlətin məsuliyyətidir.

Azərbaycan ictimaiyyətini narahat edən məsələ Türkiyə ilə münasibətlərin özünün deyil, bu münasibətlərə qarşı yönələn kampaniyanın qarşısının vaxtında alınmamasıdır. Azərbaycan xalqı Türkiyəni qardaş ölkə, türk xalqını isə ən yaxın dostlarından biri hesab edir. Məhz buna görə də Türkiyə ərazisində Azərbaycanın dövlətinə və Prezidentinə qarşı bu cür münasibətin sərgilənməsi cəmiyyətdə xüsusi həssaslıq yaradıb. Qardaşlıq münasibətlərində etimadın qorunması yalnız siyasi bəyanatlarla deyil, çətin məqamlarda göstərilən konkret mövqe və davranışlarla da ölçülür.

Belə bir şəraitdə Azərbaycanın haqlı narahatlığını anlayan və qardaşlıq münasibətlərinə sadiqlik nümayiş etdirən Binəli Yıldırım və Dövlət Baxçalı kimi siyasi xadimlərin mövqeyi xüsusi qeyd olunmalıdır. Onların yanaşması göstərir ki, Türkiyə cəmiyyətində Azərbaycanın dövlət maraqlarına və iki ölkənin strateji müttəfiqliyinə hörmətlə yanaşan qüvvələr kifayət qədərdir. Bu mövqe siyasi fərqlərdən asılı olmayaraq, Azərbaycan-Türkiyə münasibətlərinin qorunmasının ortaq məsuliyyət olduğunu təsdiqləyir.

Baş verənlər Türkiyə cəmiyyətinin özündə də birmənalı qarşılanmayıb. Müxtəlif siyasi baxışlara malik sekulyar çevrələrin, millətçilərin və Azərbaycanla dostluq münasibətlərinin tərəfdarlarının kampaniyaya qarşı çıxması Türkiyədə Azərbaycana münasibətin hansısa qrupların mövqeyi ilə məhdudlaşmadığını, cəmiyyətin mütləq çoxluğunun ölkəmizə müsbət münasibətini bir daha göstərdi. Eyni zamanda, bu proses müəyyən siyasi dairələrin ictimai rəyi manipulyasiya etmək və iki ölkə arasındakı münasibətləri daxili siyasi mübarizənin alətinə çevirmək cəhdlərinin nə qədər təhlükəli ola biləcəyini üzə çıxardı.

Nəticə etibarilə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətləri son hadisələrdən daha güclü çıxdı. Prezidentlər arasında telefon danışığı da bu münasibətlərin siyasi əsaslarının möhkəmliyini bir daha nümayiş etdirdi. Ancaq münasibətlərin strateji xarakter daşıması yaranmış problemlərə göz yummaq üçün əsas ola bilməz. Əksinə, məhz belə münasibətlər qarşılıqlı hörmət, məsuliyyət və etimadın qorunmasını daha vacib edir.

Türkiyə baş verənlərdən nəticə çıxarmalı, Azərbaycana qarşı kampaniyanın necə təşkil olunduğunu və hansı qüvvələrin bu prosesdə iştirak etdiyini aydınlaşdırmalıdır. Hüquq pozuntuları müəyyən edilərsə, təşkilatçılar və icraçılar qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdırlar. Bu, yalnız Azərbaycanın haqlı narazılığının aradan qaldırılması baxımından deyil, gələcəkdə oxşar halların təkrarlanmaması və iki ölkənin münasibətlərinin siyasi manipulyasiyalardan qorunması üçün də vacibdir.

Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı siyasi qrupların maraqlarından daha böyükdür. Lakin bu qardaşlığın gücü problemləri görməzdən gəlməkdə deyil, onları vaxtında və ədalətli şəkildə həll etməkdədir. Son hadisələr göstərdi ki, qardaşlıq qalib gəlsə də, Azərbaycan dövlətinə və onun ali rəhbərliyinə qarşı aparılan kampaniyanın yaratdığı izlər qalır. Bu izlərin aradan qaldırılması üçün səmimi siyasi iradə, obyektiv araşdırma və konkret məsuliyyət mexanizmləri zəruridir./Trend.

Share