ADA Universitetində Virtual Əmək Yarmarkası keçirilir
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
14-24 aprel tarixlərində ADA Universitetində onun Karyera Mərkəzi tərəfindən təşkil edilən Virtual Əmək Yarmarkası keçirilir.
Universitetdən Trend-ə bildirilib ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən iş yerlərinin fəaliyyəti və ölkə miqyasında tədbirlərin təşkili dayandırıldığından bu ilin 10 aprel tarixində keçirilməsi nəzərdə tutulan ADA Universitetinin Səkkizinci Karyera Yarmarkası cari ilin payızınadək təxirə salınmışdır. Bu səbəbdən də Karyera Mərkəzi tələbə və məzunları əmək bazarının aparıcı qurumları ilə bir araya gətirmək ənənəsini davam etdirərək onlara karyera fürsətləri təqdim etmək məqsədilə onlayn rejimdə ADA Virtual Əmək Yarmarkası təşkil etmişdir.
“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən ADA Virtual Əmək Yarmarkasında hazırda dövlət və özəl sektoru təmsil edən 32 qurum 90-dan çox qurumdaxili vakansiya, təcrübə və digər karyera imkanlarını CAREERlink platforması vasitəsilə onlayn rejimdə ADA Universitetinin tələbə və məzunları üçün açıq elan etsə də, Yarmarkaya şirkətlərin qeydiyyatı aprelin 24-dək davam edəcək və bu baxımdan da vakansiyaların sayında artım gözlənilir.
Yarmarkada təmsil edilən maliyyə və bankçılıq, telekommunikasiya, təhsil, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən yerli və xarici müəssisələrin siyahısına 4 yeni qurum da daxil edilmişdir ki, həmin qurumlar müasir bilik və bacarıqlara malik tələbə və məzunlara vakansiyalarını təqdim edəcəklər.
Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən Virtual Əmək Yarmarkası zamanı 18 aprel tarixində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli əsas çıxışçı qismində tələbə və məzunları salamlayacaq. “Dəyişdir və Yenilik et!” mövzusunda çıxış edəcək T.Tahirli müasir və rəqabətli əmək bazarında uğurlu karyeraya sahib olmaq üçün lazımi keyfiyyət və bacarıqlar barədə gəncləri məlumatlandıracaq, bu istiqamətdə tövsiyələrini və öz karyera yolunda müşahidə etdiyi təcrübələri onlarla paylaşacaq.











