“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Azərkosmos” ASC dünyada peyk xidmətləri sahəsində tanınan ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən Trend-ə bildirilib ki, müqaviləyə əsasən, “UltiSat” şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə etməklə Yaxın Şərq və Avropa regionlarında peyk interneti təqdim edəcək.
Sözügedən şirkət dünyada kritik, rabitənin ötürülməsi çətin olan ucqar ərazilərdə peyk xidmətləri göstərən ilk şirkətlərdəndir.
“UltiSat”ın güclü və etibarlı tərəfdaş olaraq müştəri portfelimizdə yer almasından olduqca məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq dünyada koronavirus pandemiyasının davam etdiyi çətin bir dövrdə peyk internetinə olan yüksək tələbatın qarşılanmasına xidmət edəcək”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye bildirib.
“Azərkosmos”la qurduğumuz yeni əməkdaşlıq bizi sevindirir. Müştərilərimizə yaxın vaxtda qabaqcıl peyk şəbəkə xidmətlərini təklif etmək üçün yeni tərəfdaşımızla daha sıx işləməyi səbirsizliklə gözləyirik”, – deyə “UltiSat” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Kris Hetmanski söyləyib.











