Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyik
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu fikir dövlətimizin başçısına ünvanlanmış minnətdarlıq məktublarının leytmotivini təşkil edir
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Ağdam rayonunun Əfətli kəndinin sakini Şəmsəddin Əhmədov yazır: “Möhtərəm Prezidentimiz, son bir neçə aydır ki, dünyanı bürüyən koronovirus pandemiyasına qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə xəttinin yaxınlığında mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman öz xalqının yanındadır. Cənab Prezident, bu çətin günlərdə xalqımıza dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk”.
İsmayıllı şəhərində fəaliyyət göstərən məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov və müəllimlər Sevda Qasımova, Mətanət Abbasova, Humay Talıbova, Brilyand Mursalova, Çingiz Muradlı yazırlar: “Hörmətli cənab Prezident, bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVID-19 pandemiyası bizim ölkədən də yan keçmədi. Bu çətin günlərdə bir daha əmin olduq və tam qətiyyətlə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, çox ciddi əlaqələndirmə aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. “Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə kömək göstərir, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, həmişə Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik”.











