Elmar Məmmədyarov: Ermənistanın Dağlıq Qarabağda qanunsuz fəaliyyətini pisləmək kifayət deyil
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ermənistanın Dağlıq Qarabağda qanunsuz fəaliyyətini pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov “The London Post” qəzetinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsi və 1975-ci il Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və buna görə də heç bir hüquqi qüvvəyə malik olmayacaq.
E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi “seçkilər”lə bağlı bəyanat verib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilərin yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə biləcəyini vurğulayıb:
“Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, qovulan azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından və bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq, eləcə də əməkdaşlığın bərpasından sonra mümkün olacaq”.











