Azərbaycan Prezidenti hər an vətəndaşlarının yanındadır

Azərbaycan Prezidenti hər an vətəndaşlarının yanındadır

18.04.2020 Off By Füzuli İsmayılov

Azərbaycanda həyata keçirilən sosial siyasət sosial dövlət davranışından daha çox Prezidentin öz vətəndaşlarına münasibəti kimi qiymətləndirilir. Çünki dünyada heç bir sosial dövlətin bənzər davranışına rast gəlinmir. Görülən tədbirlər də dövlətin sosial öhdəliyi çərçivəsini çoxdan aşıb. Bu, məhz Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların yanında olma iradəsinin nəticəsi kimi izah edilə bilər.

Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, sosial özünütəcridin iqtisadi fəallığı məhdudlaşdırdığı, regional və qlobal müstəvidə idxal-ixrac münasibətlərinin minimum həddə endiyi, əmək qüvvələrinin istehsal münasibətlərinə cəlbetmənin mümkün olmadığı bir vaxtda hər bir vətəndaşın problemini həll etmək əzmi, sadəcə olaraq, fədakarlıq və vətəndaşların Prezidenti olmaq siyasətinin nəticəsidir. Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Əgər dövlətin iqtisadi-maliyyə imkanları arzuedilən sosial siyasəti icra etməyə qadir deyilsə, o zaman yenə effektiv sosial siyasət həyata keçirmək mümkün olmaz. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uzunmüddətli məqsədyönlü siyasət bu gün dövlətimizi iqtisadi-siyasi baxımdan elə güclü edib ki, istənilən böyük həcmli sosial yardım paketini həyata keçirə bilir. Bununla yanaşı, postpandemiya mərhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar da indidən qəbul edilir. Paralel olaraq koronavirus təhdidini minimuma endirmək üçün sırf tibbi müstəvidə bütün zəruri addımlar atılır, səhiyyə xidmətləri təmin edilir, bu sahədə çalışan vətəndaşlarımızın əməkhaqları 3-5 dəfə artırılır. Qeyd etmək yerinə düşər ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilmiş yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bunlar yalnız ümumi sosial tədbirlərin bir hissəsidir.

Milli Məclisin deputatı vurğulayıb ki, əlavə olaraq Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək, eyni zamanda, növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Görülən tədbirlərlə yanaşı, qərarların icra olunması mexanizmi də olduqca vacibdir ki, hazırda müvafiq icra orqanı tərəfindən bu proses uğurla həyata keçirilir. Ona görə də əminliklə deyə bilərik ki, hazırki tarixi mərhələdə dövlət himayəsi sosial həmrəyliyi və xalq-iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır.

“Hakimiyyət” qəzeti

Share