Raul Quliyev: Məktəbli şahmatçılar onlayn Qran-Priyə böyük maraq göstərirlər
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında onlayn Qran-Pri turniri keçirilir.
“Təhsil” RİM-in şahmat idman növü üzrə baş məşqçisi Raul Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, oyunlar www.chess.com internet portalı üzərindən 6 seçmə və final olmaqla 7 mərhələ üzrə keçirilir. Ümumilikdə 330 şahmatçının iştirakı ilə keçirilən turnirdə məktəbli şahmatçıları həvəsləndirmək məqsədilə hər seçmə mərhələnin birində milli komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılırlar: “Aprelin 19-da keçirilən Qran-Prinin birinci mərhələsində yığma komandanın üzvü Eltac Səfərli mübarizə aparıb. Bu gün – aprelin 20-də keçirilən ikinci mərhələnin oyunlarında isə Gülnar Məmmədova iştirak edir. Məktəbli şahmatçılar onlayn Qran-Priyə böyük maraq göstərirlər”.
R.Quliyev aprelin əvvəlində “Təhsil” RİM-in təşkilatçılığı ilə müxtəlif yaş qruplarında oğlanlar və qızlar arasında sürətli şahmat üzrə onlayn respublika birinciliyinin keçirildiyini və məktəbli şahmatçıların turnirdə böyük həvəslə iştirak etdiklərini də vurğulayıb.
Qeyd edək ki, Qran-Pri turnirinin birinci mərhələsində Elmar Atakişiyev (54 xal), Süleyman Süleymanlı (40 xal), Uğur İlyaslı (30 xal) fərqləniblər.
Turnir aprelin 26-dək davam edəcək.











