Hikmət Hacıyev: Ermənistan xarici işlər nazirinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir
22.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ermənistan xarici işlər nazirinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir.
Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavabı ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
Sözügedən müsahibəni təqdim edirik.
– Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Bu barədə nə deyərdiniz?
Ermənistanın xarici işlər naziri sözügedən açıqlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkir. Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur. Bu, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir.











