Şahmat üzrə onlayn superturnirdə qrup mərhələsinin oyunları başa çatıb
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən şahmat üzrə onlayn superturnirdə aprelin 30-da sonuncu – yeddinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, son turun oyunlarında M.Karlseni məğlub edən çinli Liren Dinq (3:1) 3 xal, “armagedon”da fransalı Maksim Vaşe-Laqrava qalib gələn ABŞ təmsilçisi Hikaru Nakamura 2 xal əldə edərək qrup mərhələsini ön sırada başa vurublar. Hər iki şahmatçı 15 xal topladığı halda şəxsi görüşdə üstünlüyü olan amerikalı birinci olub.
Digər qarşılaşmalarda niderlandlı Aniş Giri ABŞ şahmatçısı Fabiano Karuanaya əsas partiyalarda (2,5:1,5), rusiyalı Yan Nepomnyaşi FİDE təmsilçisi Əlirza Firuzcaya “armagedon”da qalib gəlib (3:2).
Beləliklə, H.Nakamura, Liren Dinq hərəyə 15 , M.Karlsen, F.Karuana hərəyə 13, Y.Nepomnyaşi 8, A.Giri, Ə.Firuzca hərəyə 7, M.Vaşe-Laqrav 6 xal toplayıblar.











