Vətəndaşlar ölkə başçısına yazırlar: Pandemiya ilə mübarizədə qətiyyətli addımlarınız xalqın Sizə sevgisini və inamını daha da artırdı
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.
Salyan rayonu N.Xəlilov adına Qarabağlı kənd tam orta məktəbinin şagirdləri Rəşidə Zeynallı və Rəşid Zeynallı yazırlar: “Hörmətli cənab Prezident, dünyanın qorxu və təlaş içində olduğu bir zamanda Azərbaycanda yaşamağımıza görə sevinc hissi keçiririk. Bu çətin günlərdə xalqımıza arxa duraraq Vətənimizə layiqli Prezident olduğunuzu bir daha sübut etdiniz. Sizin uzaqgörənliyiniz, yüksək idarəçilik qabiliyyətiniz bizi valeh etdi. Sizin çağırışlarınıza canla-başla əməl edirik. Sizə Salyan rayonunun bütün məktəbliləri adından dərin təşəkkürümüzü bildiririk. Sizin bu qayğınıza cavab olaraq biz də dərslərimizi daha yaxşı oxuyacaq, Vətənimizə, Sizə layiqli övlad olacağıq”.
Goranboy rayonunun Qarqucaq kəndindən Milli Qəhrəman ailəsinin üzvü İlham Nəcəfov: “Zati-aliləri cənab Prezident, biz Sizin apardığınız siyasəti bəyənir və alqışlayırıq. Siz pandemiya dövründə bir daha göstərdiniz ki, daim xalqın yanındasınız. Aztəminatlı, şəhid və Milli Qəhrəman ailələrinə daim diqqət və qayğı göstərməklə bir daha sübut etdiniz ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Biz Milli Qəhrəman ailəsi olaraq daim Sizin qayğı və diqqətinizi hiss etmişik. Cənab Prezident, əminəm ki, Sizin Ali Baş Komandan kimi apardığınız ordu quruculuğu sayəsində milli ordumuz və xalqımız erməni mənfurlarını işğal edilmiş ərazilərimizdən qovub çıxararaq Azərbaycan bayrağını o torpaqlarında dalğalandıracaq. Son dövrlərdə apardığınız siyasət və kadr islahatları xalqın böyük rəğbətini qazanıb. Təhsilə göstərdiyiniz qayğı əvəzolunmazdır. Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ölkədə savadlı gənc nəslin yetişdirilməsi yolunda atılmış mühüm addımlardan biridir və bu, göstərir ki, Siz daim xalqın yanında olan Prezidentsiniz. Biz Milli Qəhrəman və şəhid ailəsi olaraq Sizin qayğınızı daim hiss etmişik. Cənab Prezident, mən bir müəllim olaraq Sizinlə qürur duyuram. Apardığınız daxili və xarici siyasəti ailəliklə bəyənir, Sizə uzun ömür, cansağlığı arzulayırıq”.
Sabirabad rayonunun Zəngənə kəndindən Əfras Əsgərov: “Cənab Prezident, koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda Sizin tərəfinizdən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir. Buna görə Sizə xüsusi təşəkkür edirəm. Bir daha ona görə təşəkkür edirəm ki, yaşadığımız karantin günlərində Sizin göstərişinizə əsasən aqrar sahədə çalışan şəxslərə xüsusi diqqət və qayğı göstərildi, eyni zamanda, fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmadı. Mən 70 hektar taxıl sahəmi rahat suvardım, gübrələmə və dərmanlama işlərini normal apardım, Sabirabad və Kürdəmir rayonları ərazilərində əkəcəyim 170 hektar pambıq sahəsində normal arat apara bildim. Bu günədək həmin sahələrin 100 hektarında çiyid səpini işlərini aparmışam və bəzi sahələrdə çıxış almışam. Nəzərinizə çatdırım ki, həmin pambıq sahələrindən 120 hektarını özüm düzəltdiyim xüsusi səpin aqreqatı vasitəsilə Çin (qoşacərgə) üsulu ilə əkirəm. Cənab Prezident, 4 il bundan qabaq pambıqçılığın inkişafı təşəbbüsü ilə keçirdiyiniz müşavirə şəxsən mənim və digər pambıqçıların həyatında çox əhəmiyyətli rol oynadığı üçün Respublika Fermerlər Şurasının üzvü kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Bir daha təşəkkürlər, Cənab Prezident. Sağ olun”.










