Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Mayın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Trend-in məlumatına görə, komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə iki məsələ var.
Birinci məsələ “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilib. “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır. “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər isə “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.
Komitə sədri bildirib ki, ikinci qanun layihəsi “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi (üçüncü oxunuş) barədədir.











