Avropa İttifaqı bu gündən 7,5 milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Avropa İttifaqı bu gündən – 4 maydan etibarən 7,5 milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində deyilir.
Cozef Borel videomüraciətində bildirib:
“Avropa İttifaqı adından qarşınızda çıxış etmək üçün məni dəvət etdiyinizə görə minnətdaram. Əgər, nə zamansa, dünyanın müxtəlif guşələrinin biri-birindən hansı şəkildə bağlı olduğunu bilmək istəyirdiksə, COVID-19 bunu özü göstərdi. Bu, oyanış üçün qlobal çağırışdır. Pandemiyanın dünyanın müxtəlif yerlərində tüğyan etdiyi bir zamanda heç kəs heç bir ölkədə, heç bir regionda özünü təhlükəsiz hiss etməyəcək. Mən əlaqələndirilmiş, çoxtərəfli yanaşmaya dəstək vermək üçün bu Zirvə görüşünü keçirdiyinə görə Qoşulmama Hərəkatının təşəbbüsünü alqışlayıram. Pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir. Lakin əgər biz davamlı qlobal bərpanı görmək istəyiriksə, onda yeni və innovativ çoxtərəfli tərəfdaşlıq vacib olacaq. BMT səviyyəsində cavab tədbirlərinin əlaqələndirilməsinə və qlobal miqyasda atəşkəs çağırışlarına gəldikdə, Avropa İttifaqı BMT-nin Baş katibinin göstərdiyi səyləri tam dəstəkləyir. Bu, münaqişələrin qarşısının alınması, sülh quruculuğu və onun möhkəmləndirilməsi baxımından sülh və təhlükəsizlik gündəliyinin yenidən canlandırılması üçün fürsətdir. Aztəminatlı əhali üçün humanitar yardıma çıxış əlyetən olmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmasının qarşısının alınmasında çox mühüm rol oynayır. Avropa İttifaqı dünyada fövqəladə səhiyyə vəziyyətinin yarandığı dövrdə çoxtərəfli sistem daxilində Ümumdünya Səhiyyə Təşkilatının rolunu dəstəkləmək və qorumaq üçün lazımi resursları səfərbər etməkdə davam edəcək. Digər ölkələrdən və regional qruplardan dəstək almaq üçün mayın 18-də Dünya Səhiyyə Məclisində COVID-19-la bağlı qətnaməmizin layihəsinin təkan gücündən istifadə ediləcək. Mən bu təklifin dəstəklənməsi üçün burada bu gün təmsil olunmuş ölkələrə müraciət edirəm.










